MarketinqRəqəmsal MarketinqSosial Media MarketinqStartup

Necə Rəqəmsal Marketinq mütəxəssisi ola bilərəm? Mən bu işə necə başladım?

0

Hər kəsi xoş gördük dostlar. Bu mənim ilk podcast yayımımdır. Son günlərdə izlədiyim qədəri ilə podcastlar da olduqca dəyər qazanıb və insanlar tərəfindən dinlənilir. Azərbaycan dilində tematik podcast kanallarının olduqca az olduğunu bilirəm, ümid edirəm məndə davamlı alınar. Bundan sonra podcastlarımı sosial media hesablarımdan və blog saytımdan dinləyə biləcəksiniz.

Gələk bugünkü mövzumuza: Necə rəqəmsal marketinq mütəxəssisi ola bilərəm?

Bu podcastda bugünə qədər mənə gələn sualları cavablandıracam. Əslində məndən çox daha detallı məlumatlar soruşulur, sektora necə girək, rəqəmsal marketinq mütəxəssisi necə olaq, siz hardan başladınız, bizə məsləhətlər verin və s. kimi müraciətlər olur. Mən bu podcastda rəqəmsal marketinq mütəxəssisi necə olmaq olar sualından danışaraq bu mövzunu bir neçə podcasta bölməyə çalışacam.

Rəqəmsal Marketinq mütəxəssisi əslində şirkətlərin, brendlərin imiclərini gücləndirmək, brendlərin böyüməsinə şərait yaratmaq üçün işlər görür. Bunlardan bəziləri rəqəmsal dünyadakı trendləri və yenilikləri izləmək, dinamik və mütləq hər gün özünü inkişaf etdirən bir struktura sahib olmaq, sosial media platformalarını reklamlar baxımından yaxşı tanımaq və bunları dəyərləndirmək və tətbiq etmək, email marketinq, açar söz araşdırma, google alətləri, mobil marketinq, Seo barədə təcrübəyə sahib olmaq.

Azərbaycan universitetlərində təəssüf ki, hazırda Sosial Media Marketinq, Rəqəmsal Marketinq dərsləri, ixtisasları mövcud deyil. Son bir neçə ildə bu barədə ən böyük yeniliklərdən biri Azərbaycan Dövlət İqtisad Universitetində MBA tələbələri üçün Sosial Media Marketinq bölməsi yaradılmasını qeyd edə bilərəm. Bu barədə Ramil Cabbarov mənə bir neçə ay əvvəl söhbət əsnasında danışmışdı amma hələki detallı məlumatım yoxdur, ən qısa zamanda bu mövzuda da İqtisad Universitetinin rəsmilərindən məlumat alıb sizlərlə paylaşmağa çalışacam.

Rəqəmsal Marketinq mütəxəssisi olmaq üçün əgər Marketinq ixtisasında təhsil almısınızsa, xarici dil bilikləriniz varsa sektora 1-0 öndə başlamış olarsınız. Lakin əlaqəli ixtisasdan məzun olmasanız da, hətta və hətta bəzilərinizə qəribə gəlsə də ümumiyyətlə universitet təhsili almadan belə yaxşı bir Rəqəmsal Marketinq mütəxəssisi ola bilərsiniz. Mən bu mövzuda bir çox dəfə ürək rahatlığı ilə danışmışam çünki bu məsələnin belə işlədiyini bilirəm. Bugünə qədər bu işi uğurla görən və heç bir təhsili olmayan, özünü inkişaf etdirən, öyrənməyə meyilli və bacarıqlı onlarla rəqəmsalçı ilə tanış olmaq qismət olub, hətta tələbələrim arasında da belələri olduğunu deyə bilərəm.

Bəs mən bu işə necə başladım?

Qısaca öz hekayəmi danışmaqla başlamaq istəyirəm, qeyd edim ki, bu bir uğur hekayəsi deyil, hələki uğur hekayəsi danışacaq bir nailiyyətim yoxdur. Bu bir çox dostumuzun bu sahəyə başlamaq istəyərkən ağıllarına gələn sualların cavabıdır.

2000-ci illərin əvvəllərində ilk dəfə kompüterlə tanış olduqda sadəcə oyunlar oynayan, GTA Vice city, Counter Strike və s. kimi oyunları dəfələrlə oynamaqdan sıxılan biri olaraq bu sahəyə ilk addımlarımı atmağa başladım. Hələ dialup internetin vaxtlarından danışıram sizlərə, o zamanlar internetin nə olduğunu yeni kəşf edən 4-5-ci sinif şagirdi olaraq ilk etdiyim işlərdən biri dilini anladığım türk saytlarını ziyarət etmək idi. O vaxtlar türk forumlarının olduqca aktiv olduğu vaxtlar idi və mən müəyyən bir internet istifadəsi təcrübəsi qazanandan sonra təsadüfən (necə olduğunu tam xatırlamıram) bu saytlardan birinə daxil oldum və qeydiyyatdan keçdim. O vaxtlar ən məşhur Proqramlaşdırma və Hacking forumlarından biri olan bu saytda mən proqramlaşdırma ilə bağlı ilkin biliklər əldə etməyə başladım. Daha sonra atamın da proqramlaşdırma bilikləri olmasından istifadə edib ondan bu barədə bəzi detalları öyrəndim. Eyni zamanda bu sahənin əslində nə qədər böyük olduğunu, nələr etmək olduğunun mümkünlüyünü başa düşməyə başlamışdım. Təxminən 2-3 il ərzində bu saytda özümə onlarla dost əldə etdim və onlardan bu sahədə biliklər alıb, öz öyrəndiklərimi paylaşmağa başladım. Bütün bunları edən zaman mən hələki 6-7ci siniflərdə oxuyurdum. Bununla yanaşı dizayn proqramlarından photoshop ilə də o illərdə tanış olmağa, internetdən istifadə edib adam başı kəsib birləşdirməyə başlamışdım. Amma nə proqramlaşdırmada nə də adam başı kəsib yapışdırmaqda özümü tapa bilmirdim. Asosial bir uşaq olaraq, yaşadığım kənddə yaşıdım olan uşaqların mövcud olmamasını bəhanə edərək evə qısılıb, kompüterin başından ayrılmırdım və günümü forumlarda, portallarda keçirirdim. Ta ki, o günə qədər, mən Facebooku kəşf etdim. İlk dəfə Facebook-a 2007-ci ilik Avqust ayında qeydiyyatdan keçmişdim və o gündən aktiv olaraq Facebook istifadə etməyə başlamışam. Facebooku bir neçə il sadəcə istifadəçi kimi mənimsədikdən sonra yuxarıda qeyd etdiyim forumlardan birindən əldə etdiyim bir Türk dostum mənə əlində Facebook üçün hovuz məntiqi ilə işləyən bir sistem olduğunu, Azərbaycanda bu sistemi mənim işlədə bilib-bilməyəcəyimi soruşdu və mən də təsdiqlədim. Sistemin məntiqini qısaca izah edəsi olsam Facebookda profilinizə kim baxdı, Facebookda sizi silmiş dostlarınızı tapın, Facebookda limitsiz like əldə edin və s. kimi mesajlarla insanları tətbiqetməyə icazə verməyə sövq edib, o vaxtlar Facebookun da məhdudlaşdırmadığı icazələrini toplayırdıq. Bu icazələrin nəticəsində insanların adlarından mesaj yaza, paylaşım edə, bəyənə, rəy yaza, mesajlarını oxuya və daha onlarla fərqli iş görə bilirdik.

Çox uzatmayım bu sistemə sadəcə bir il kimi qısa bir zamanda 30 mindən artıq Azərbaycanlı istifadəçi toplamağı bacardım və sistemdəki admin panelini Bakıda işləyən bir neçə müəssisəyə və İngilis dili müəlliminə icarəyə verərək artıq stabil bir aylıq gəlir əldə etməyə başlamışdım. Bu müddətdə yavaş-yavaş Facebook Ads Manager ilə tanış oldum, reklamlar verməyə və daha çox izləyici cəlb etməyə başladım, digər sosial şəbəkələrin də aktiv istifadəçisinə çevrildim və internetdən necə pul qazanmaq olar sualının cavabını özüm-özümə verməyi bacardım. İnternetdən pul qazanmaq üçün İnterneti anlamalısan.

Təbii ki bir neçə il sonra Facebook App Development barədə qaydalarını dəyişdi və icazələri almaq məhdudiyyət tətbiq edildi, bizim tətbiqetmələr silində, lakin mən artıq çoxdan bu işin necə deyərlər “başını buraxmışdım” və daha legal üsullar üçün interneti istifadə edirdim.

Universitetə daxil olarkən Marketinq ixtisasını seçdiyimdə artıq bir çox birinci kurs tələbəsi kimi, hətta rayon kəndindən gələn bir tələbə kimi nə edəcəyimi, necə edəcəyimi bilmir deyildim. Rəqəmsal Marketinq nədir, bu istiqamətdə ixtisaslaşmaq lazımdır, sadəcə Facebooka reklam verməklə bu iş olmaz deyib artıq nisbətən yüksək sürətli internetə çıxış əldə etmiş biri olaraq daha da dərinlərə baş vurmağa başladım.

O vaxta qədər onlarla mp3, film, forum və hətta chat saytı hazırlamış biri kimi əslində SEO məntqini başa düşmüş, Google-dan istədiyimi ala biləcək bir hala gəlmişdim. Lakin məsələ tək texniki SEO ilə bitmirdi, bununla yanaşı məzmun marketinqini öyrənməli, email marketinqə keçid etməli, google axtarış reklamlarına, video reklamlarına və digər reklam növlərinə keçid etməli idim.

Bütün bunlar üçün isə yoxlamağa başladım. Əvvəlcə nəyi etmək istədiyimi özümə sual verdim və sonra o sualın cavabını axtarmağa başladım. Əlimin altında Google qədər böyük bir məcra var idi və mən ondan istifadə etməyi özümə borc bilirdim. Bütün bunlarla yanaşı dərslərimi oxumaq, universitetə getmək və s. kimi məcburiyyətlərimin olması məni bir qədər yubatsa da hər birinin də bu işdə öz üstün cəhətləri var idi.

Daha sonra Startup terminini kəşf etdim və illərdir ağlımda ilişib qalan ideyaların əslində bir startup olduğunu, mənim də bir startupçı ola biləcəyimi dərk etdim və qollarını sıvadım. İlk bir neçə startup ideyam başlamadan uğursuz oldu lakin elə bu uğursuzluqlar zamanı da mən öz rəqəmsal marketinq biliklərimi möhkəmləndirməyə fürsət tapa bildim. Rəqəmsal Marketinqdə uğur qazana bilmək üçün öz ideyalarım üzərində öyrənməyə başladım.

Hər dəfə fərqli mövzuda, fərqli sektora xidmət edən online layihələr uydurub bu layihələri insanlar qarşısına çıxarmaq, daha çox insana çatmaq üçün edilməli olan bütün işləri görməyə başladım.

Asosiallığımı aradan qaldırmaq üçün universitetdə bir neçə kluba, xeyriyyə təşkilatlarına qoşulmaqla şəxsi ünsiyyət bacarıqlarımı da inkişaf etdirməyə başladım. Bir neçə il əvvəl yuxarıda qeyd etdiyim hovuz platformasını icarəyə verdiyim İngilis dili müəllimi ilə əlaqəyə keçdim, onunla görüşdüm və onun sosial media səhifələrini 400 manat kimi başlanğıc bir ödənişlə idarə etməyə başladım. Daha sonra  əlimdə olan o hovuz sistemi vasitəsi ilə yığdığım və aktiv paylaşımlar edərək böyütməyə davam etdiyim təxminən 100 min kimi bir izləyiciyə sahib olan Facebook səhifəmi bir xəbər saytına satdım və bu işin də pul edəcəyini başa düşdüm. Bir neçə başqa Facebook səhifəsi hazırladım və satdım, qısa zamanda kifayət qədər pul əldə etdikdən sonra bu pulları ağlımda olan yeni bir startup layihəsinə yatırdım və ailəmin də xəbəri belə olmayan həmin o pulun hamısını batırdım. Bu uğursuzluq isə mənə daha çox dərs verdi, ən əsası da yoxlamadan nəticə ala bilməyəcəyimi öyrətdi.

Daha sonrası isə məlumdur, indi aranızdayam, özümü ölkənin ən yaxşı Rəqəmsal Marketinq mütəxəssisi saymasam da sırf özüm üçün bu işi həqiqətən ürəkdən gördüyümü, sevərək etdiyimi, tək məqsədimin pul olmadığını, insanlara faydalı olmaq olduğunu bildiyim üçün bu işə davam etdiyimi bilərək, bu podcastı sizlərlə paylaşıram.

Bu mövzunun davamı var və digər podcastlarda sizə Rəqəmsal Marketinq mütəxəssisi olmağınız üçün daha çox məlumat verməyə çalışacam.

Məzmun Marketinqi – Sosial Media üçün effektiv məzmunlar necə hazırlanmalıdır?

Previous article

Hər bir SEO mütəxəssisinin bilməli olduğu – User Search Intent nədir?

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

More in Marketinq