E-ticarət

E-Ticarət saytınız üçün online ödəniş sistemləri və qoşulma qaydaları | 4 fərqli ödəniş sistemi

Online ödəniş sistemləri mövzusunun vacib bir o qədər də axtarılan bir mövzu olduğunu görüb sizlərlə bu blog yazımı paylaşmaq istəyirəm.

Bir neçə gün əvvəl hörmətli Ramil Cabbarovun da təşəbbüsü ilə məzunu olduğum UNEC-in Startup Community whatsapp qrupuna daxil edildim və gələcək üçün həqiqətən faydalı ola biləcək müzakirələrin aparıldığını gördüm. Qrupda diqqətimi çəkən, orada qısa məlumat verdiyim online ödəniş sistemləri haqqında blogumda da məlumat paylaşmaq istədim və indi bu blog yazısını yazıram.

Mövzumuz: Online Ödəniş Sistemləri

Startup ekosistemində, marketinqdə və təbii ki, e-ticarətdə əsas alətlərdən biri olan ödəniş sistemləri baxımından ölkəmiz olduqca kasaddır və bu qəbildən olan məhsullarda bu kasadlıq açıq-aşkar hiss edilir. Normal olaraq bir çox online ödəniş sistemləri, Mərkəzi Banka və Visa, Mastercard kimi beynəlxalq qurumlara bağlı olduğu üçün, daimi tarazlığın, təhlükəsizliyin qorunması üçün xüsusi bir sistem təminatına ehtiyac var. Azərbaycanda lazımi sertifikasiya mərhələlərindən keçmiş bir əlin barmaqlarını tamamlamayacaq sayda online ödəniş sistemi mövcuddur ki, burada söhbət Hesab.az , Million.az kimi ödəniş platformalarından getmir. Söhbət Paypal, Stripe, Alipay kimi Visa, Mastercard, American Express, Maestro, Diners Club kimi kredit və debet kartları ilə ödəniş etməyin mümkün olduğu, ödənişlərin birbaşa sahibkarın bank hesabına köçürüldüyü online ödəniş prosessinq mərkəzlərindən gedir.

Bugünə qədər bəzilərindən istifadə etdiyim, bəzilərini istifadə etmək istəsəm də müəyyən səbəblərdən edə bilmədiyim və ümumiyyətlə istifadə etmək istəmədiyim online ödəniş sistemlərinin mənim bildiyim üstünlüklərini, zəif cəhətlərini, qoşulma qaydalarını izah edəcəm. Ümid edirəm bu mövzuda axtarışda olanlara faydalı olacaq.

Online ödəniş sistemləri
Online ödəniş sistemləri

Başlayaq ölkədə ən məşhur və mənim də bir zamanlar istifadəçisi olduğum Millikart-dan – Bir çox xidməti əlində tutan və ölkənin ən böyük bankçılıq məhsulları təklif edən şirkəti Millikart, come2shop adlı məhsulu ilə e-ticarət mağazalarına Visa və MasterCard kartları vasitəsilə ödəniş imkanı yaradır.

Ölkədəki bir çox bank ilə partnyor olan Millikart, e-ticarət saytları üçün online ödəniş sisteminə qoşulma əməliyyatlarını hazırda Unibank Accessbank ilə əməkdaşlıq çərçivəsində təqdim edir. Öz e-ticarət saytınıza Millikart ödəniş sistemini əlavə etmək üçün siz fiziki və ya hüquqi şəxs olaraq fəaliyyət göstərməlisiniz və qeyri-leqal heç bir fəaliyyət ilə məşğul olmayan bir e-ticarət saytınız olmalıdır. Bu şərtlərə əməl edirsinizsə o zaman hesabınızın məxsus olmasını istədiyiniz Unibank və ya Accessbank banklarından birini seçərək həmin bankda cari hesab yaratmalısınız.

Cari hesabınızı əldə etdikdən sonra Bankın filialına gedərək e-ticarət saytınız üçün online millikart ödəniş sisteminə qoşulmaq istədiyinizi qeyd etməlisiniz. Bu müraciətdə lazımi rəsmi formlar doldurulur və müraciətiniz Bankın əməkdaşları tərəfindən yoxlanılmaya alınır. Bank müraciətinizi məqbul bildiyi təqdirdə Millikarta yönləndirərək API-ların quraşdırılması prosedurunu başladır. API-lər siz Banka müraciət edərkən qeyd etdiyiniz e-mail ünvanına göndərilir və artıq iş sizin proqramçılarınıza qalır.

Əgər mən istifadə etdiyim vaxtdan sonra çox böyük dəyişikliklər olmayıbsa saytınızda Millikart istifadə etdiyinizdə, edilən hər tranzaksiyadan 3-4% qədər komissiya haqqı tutulur.

Bu arada siz də mənim kimi WordPress platformasından istifadə edirsinizsə, Woocommerce e-ticarət həlli üçün Millikart əlavəsidən istifadə etmək üçün bu linkdən yükləyə bilərsiniz.


E-Ticarət saytınız üçün online ödəniş sistemləri və qoşulma qaydaları | 4 fərqli ödəniş sistemi 1

Ölkənin digər ən böyük online ödəniş servislərindən olan
Azericard da e-ticarət platformanızda istifadə edə biləcəyiniz servislərdəndir. Mənə görə ən böyük zəif cəhəti ödəniş panelinin yöndəmsiz və köhnə dizaynı olan Azericardın, ödənişlərə görə sizdən tutacağı faiz digər bütün rəqiblərinə görə daha münasibdir (1,5-2%).

Azericard sisteminə qoşulmaq üçün partnyor banklarından birinə (Məsələn: Beynəlxalq Bank) yaxınlaşaraq orada cari hesab açmalı və bankın əməkdaşlarına online ödəniş üçün Azericard servisinə qoşulmaq istədiyinizi bildirərək, müraciət etməlisiniz. Müraciətiniz dəyərləndirdikdən sonra Azericard texniki xidmət əməkdaşları sizinlə əlaqə saxlayır və gərəkli olan kodları (API-ləri) sizə göndərirlər. Daha sonrakı iş isə təkrar sizin proqramçılarınızın üzərinə düşür. Texniki hissələri tamamladıqdan sonra e-ticarət saytınızı rahatlıqla istifadə edə bilərsiniz.


epos

Bank of Baku-nun partynoru olaraq xidmət göstərən Epos.az online ödəniş servisi mənim istifadə etmək istəyib də, edə bilmədiklərimdəndir. Haqqında detallı məlumat verə bilməsəm də qeyd edim ki, interfeys olaraq o qədər də pis görünməyən bu sistemə qoşulmaq üçün Bank Of Baku-da cari hesab sahibi olmalısınız. Daha sonrakı mərhələlər elə yuxarıda qeyd etdiyim digər ödəniş sistemləri kimidir. Banka ödəniş sisteminə qoşulmaq istədiyinizi qeyd edirsiniz və müraciətiniz yoxlanılaraq Epos əməkdaşları tərəfindən quraşdırma təlimatlarını əldə edirsiniz.


E-Ticarət saytınız üçün online ödəniş sistemləri və qoşulma qaydaları | 4 fərqli ödəniş sistemi 2

İstifadə etdiyim online ödəniş servislərindən biri olan Portmanat Card sisteminin ən sevdiyim xüsusiyyəti qoşulmanın kifayət qədər asan olmasıdır. Bu sistemdən istifadə etmək üçün hər hansısa xüsusi bir bankda cari hesabınızın olması məcburiyyəti yoxdur. İlk əvvəl online olaraq Psp.Mps.Az platformasında qeydiyyatdan keçərək öz e-ticarət layihənizi xidmətlər bölməsindən əlavə edirsiniz. Daha sonra müraciətiniz Portmanat əməkdaşları tərəfindən yoxlanılır və servisiniz aktiv edilir. Saytda olan API təlimatları vasitəsilə saytınızı Epos hesabınızdakı məlumatlara əsasən quraşdırırsınız. Bu prosesslərdən sonra artıq saytınızda aktiv şəkildə ödəniş qəbul edə bilərsiniz. Hesabınızdakı pulları çıxarmaq üçün isə mütləq cari hesabınıza aid rekvizitləri, vöeninizi və şəxsiyyət vəsiqənizi götürərək Portmanatın baş ofisinə yaxınlaşmalı və onlarla müqavilə imzalamalısınız.

Mənə görə bu servisin ən sevmədiyim cəhəti hər ay sadəcə 1 dəfə manual olaraq bank hesabınıza köçürmə etməsi və minimum çıxarış limitinin 50 azn olmasıdır.


Hələlik bu qədər məlumat məncə kifayətdir. Daha detallı məlumat əldə etmək üçün bu və ya digər servislərin müştəri xidmətləri ilə əlaqə saxlaya bilərsiniz. Özünüzə yaxşı baxın, oxuduğunuz üçün təşəkkürlər. Məqalənin faydalı olduğunu düşünürsünüzsə sosial şəbəkələrdə paylaşaraq mənə dəstək ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir