ƏyləncəMarketinqReklamlar

PUBG – 0 $ marketinq büdcəsi ilə milyardlar qazanan oyun

Video oyun sektoru – Milyardlarla dollar pulun dövriyyə etdiyi bir sektor… Gamerlər, Streamerlər, Vasitəçilər, E-Pin saytları, Qutu saytları və nələr-nələr…

Bu sahədən xəbərdar olan hər kəsin bildiyi və dünyanın ən böyük oyun platformalarından olan Steam-də 2017-ci ilin Mart ayında heç kəsin bilmədiyi bir oyun ortaya çıxdı: Playerunknowns Battleground – digər adı ilə PUBG. Necə olduğu bir çox insana hələ də müəmma olaraq qalsa da PUBG steamdə yayımlandıqdan sadəcə bir ay sonra artıq 220.000 istifadəçi tərəfindən satın alınmışdı.

İnsanlara təəccüblü gələn isə oyunun ilk aydan etibarən satış rekordları qırması deyil, bütün bunları edərkən marketinqə heç bir büdcə xərcləmədən rəqəmsal kanallarda dayanmadan reklamları gedən rəqiblərini sürətlə geridə qoyması idi. Bəs görəsən bizlər durmadan reklam, büdcə, facebook advertising, google adwords burulğanında sağa-sola sovrulub, güc bəla ilə 5-10 məhsul satmağa çalışdığımız halda bu oyunun qurucuları hansı şirin ürəyini yemişdilər? Bu nə cəsarət idi belə?

PUBG - 0 $ marketinq büdcəsi ilə milyardlar qazanan oyun 1

100 nəfərin təyyarədən Erangelin yaylaqlarına paraşüt səyahəti etdiyi, yumurtalıq tavalarla rəqiblərini qovduğu, mavi qutunun üstünə inkubator cücələri kimi yığışdığı bu oyun axı necə bu qədər uğurlu oldu? Oyunun altında Ubisoft, EA Games, Blizzard kimi köklü oyun firmalarından birinin imzasının olmaması və buna baxmayaraq ortaya çıxan nəticələr çox təəccüblü idi.

Tamamilə rəqabətcil bir oyun strukturuna malik olan PUBG-nin, 100 nəfəri bir adaya tullayıb, “qırın bir-birinizi” deməsi insanların içindəki uşaqlıqdan bəri qalan döyüş arzusunu canlandırmış olmalıdır ki, hər kəs bu oyunun bir hissəsi olmağa can atdı. Təbii ki, marketinqə büdcə ayırmadan bu qədər məşhurlaşmağın mümkün olduğunu iddia etmək də bir qədər düzgün olmaz. PUBG-nin yaradıcısı, ideya atası olan Brendan Greene-in oyun hətta çıxmazdan 5-10 il əvvələ qədər etdiyi bütün yatırımlar əslində elə PUBG-nin reklam xərcləri idi. Bu yatırımlar isə sadəcə Brendanın illərdir oyun cəmiyyətində olan streamerlə (twitch və youtube kimi platformalarda canlı yayım verən şəxslər) qurmuş olduğu yaxın dostluq münasibətləri idi ( Bizim ‘dildə’ desək, Networking hər şeydir). Bax elə bu Bluehole şirkətinin PUBG üçün düşündüyü Marketinq strategiyası idi.

25 nəfərlik komandadan ibarət olan Bluehole, PUBG-ni ən böyük streamerlərə ödənişlə oynatmaq üçün kifayət qədər pula sahib deyildi, amma onlar bilirdilər ki, orta səviyyəli streamerlər öz kanallarını fərqləndirmək və unikal videolar hazırlamaq istəsələr də lazımi resurslara və əlaqələrə malik deyillər. Bu, qarşılıqlı faydalı əlaqələr üçün bir fürsət idi, orta səviyyəli streamerlərə eksklüziv oyun və məzmun verə biləcəklərini və bunun əvəzinə həmin streamerlərin isə oyunun böyük bir işə çevrilməsi üçün əllərindən gələni edəcəklərini düşünərək işlərə başladılar.

Dörd aylıq proqramlaşdırma hissəsindən sonra oyun alfa versiyası üçün hazır idi və testə öz marketinq yanaşmalarını qoymaq vaxtı gəlmişdi. İlk alfa forması dizayn baxımından bir qədər kobud idi, buna görə də proqramçı komandası oyunu insanlara açıb-açmamaq barədə kifayət qədər tərəddüd yaşadı, lakin Brendan və komandasının formalaşdırdığı qapalı test qrupu iştirakçıları videoların və oyunun online nümayişini stream etməklə razılaşdılar. Bir neçə gün ərzində paylanılmış 6 saatlıq sınaqdan ibarət sessiyalar üçün 1,100 testçi qeydə alınmış və nəticədə oyunun ilk versiyasını təxminən 600 nəfər oynayaraq test etmişdi.

PUBG - 0 $ marketinq büdcəsi ilə milyardlar qazanan oyun 2

Streamerlərdən biri olan Kang belə deyirdi:

  • Biz bu oyunu oynayan çox az insandan biri olmağı imtiyaz kimi qəbul etdik. Əslində oyuna çox da güvənmirdik və oyun gözləntilərimizi doğrultmasaydı kifayət qədər izləyici itirəcəyimizi də bilirdik. Ancaq Brendanı uzun müddətdir tanıyır və hörmət etdiyimiz üçün onun təklifi bizə çox cəlbedici gəlmişdi. Lakin bu oyunu oynamaq üçün kifayət qədər güclü bir kompüterə sahib olmalı olduğumuz üçün izləyicilərimizin də bunu əldə etmək istəyəcəyini düşünmürdük.”

Oyun Steam platformasında hələ hər kəs üçün aktiv edilməzdən əvvəl Brendan oyunun alfa yəni ilkin versiyasını on minlərlə izləyicisi olan və əsasən Battle Royale tipli oyunlar oynayan (H1Z1, Arma 3 və s.) streamerlərə ödənişsiz olaraq göndərdi. Brendanın bu oyunu birlikdə böyütmək təklifini qəbul edən bütün streamerlər isə oyunun izləyicilər üçün olduqca maraqlı olduğunu görüb, öz kanallarına yeni bir nəfəs gətirmək üçün əsas istiqamətlərini dəyişdirib PUBG üzərinə qurdular və oyun qurucuları onlara heç bir pul ödəməsə belə onlar canlı yayımları bəyənən izləyicilər tərəfindən pul qazanmağa başladılar. Bu isə digər streamerlərin də marağına səbəb oldu və dünyanın dörd bir yanından olan streamerlər PUBG-ni ödənişsiz olaraq əldə edərək həm reklam etmək üçün həm də daha çox izləyici əldə etmək üçün Bluehole ilə əlaqə saxladılar. Elə bütün canlı yayımlarından sonra Steam-də meydana çıxan PUBG – Early Access versiyası ilk günündə on minlərlə oyunçu tərəfindən satın alındı.

Oyunda olan fərqli bir neçə xəritə, hərəkətli modlar, mütəmadi keçirilən çempionatlar isə işin duzu, bibəri oldu və PUBG 2018-ci ilə qədər 6 milyondan keçən satış rəqəmlərinə çatdı.

2018-ci ildən isə ödənişsiz Mobil versiyası da fəaliyyətə başlayan PUBG oyununun sadəcə Azərbaycanda on minlərlə oyunçusu mövcuddur. Oyun daxili alış-verişlər, Elit, Pro versiyalar, oyun daxili paltar və silah qutuları isə pulla satılaraq ödənişsiz versiyanın da gəlirliliyini təmin edir.

Bugün həm Pubg Mobile həm də Pubg PC versiyaları bütün oyunsevərlərin diqqətindədir. Oyunu oynayan xanımların da sayı bəylərlə rəqabət apara biləcək qədər çoxdur və hətta dünyanın dörd bir tərəfində tez-tez qadınlar arası PUBG turnirləri də keçirilir.

Pubg mobile oyununu kompüterdə oynamaq istəsəniz PUBG TENCENTlinkinə daxil olaraq ödənişsiz olaraq kompüterinizə Tencent Emulatoru yükləyə və PUBG Mobile oynaya bilərsiniz. Pubg PC versiyasını satın almaq üçün isə PUBG STEAM linkinə daxil ola və steam hesabı yaradaraq oyunu satın ala bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir