MarketinqSosial Media

Ən çox istifadə etdiyim və faydalı olduğunu düşündüyüm platformalar

1999-cu ildə ilk dəfə kompüterlə tanış olduğumda bu sirli dünyanın sadəcə oyunlardan ibarət ola bilməyəcəyini, altında daha dərin mənalar yatacağını dərk etmirdim. Pinball yerini GTA-ya, GTA yerini Counter Strike-a verir və kompüterin oyunlardan ibarət olmadığını dial-up qoşulma səsini eşitdiyim vaxt anlayır, dərin yuxudan ayılıram. Artıq qarşımda yeni və kəşf edilməmiş bir dünya var.

Mən biraz şanslı olanlardanam, uşaq vaxtlarımdan bəri evimizdə fərqli parametrlərdə (intel core i7 deyildi, 100% hamısı pentium olardı yəqinki) onlarla kompüter var idi. Atamın yaşadığımız rayonun bələdiyyəsində Kompüter mərkəzinin rəhbəri olması və o vaxtlar rayonda yeganə sertifikatlı, professional Office proqramları təlimçisi olması mənim bu dünyaya kifayət qədər tez girməyimə səbəb olmuşdu. İlk vaxtlar oyunlarla başımı qatmağa çalışsam da sonra daha faydalı olduğunu düşünərək Office proqramlarını öyrənməyə, daha sonra kompüteri sökərək yenidən quraşdırmaq üçün çabalamağa başlamışdım. İnterneti kəşf etdiyimdən sonra, yəni təxminən 11-12 yaşlarımda isə burada öyrənə biləcəyim daha çox şeyin olduğunu anlamışdım.

Sizlərə uşaqlıq hekayəmi danışmaqda məqsədim falan yoxdur. Köhnə günlər yada düşdü və hekayəmin kiçik bir hissəsini sizlərlə də bölüşmək istədim. Keçək əsas mətləbə:

Sosial şəbəkələr hər birimizin həyatının böyük bir hissəsini əhatə edir və bəzi insanlar tərəfindən bunun bir xəstəlik, bir növ virus olduğu iddia edilir. Dünyanın müxtəlif yerlərində sosial şəbəkələrə qarşı embarqolar qaldırılır, bəzi sosial şəbəkələrə giriş məhdudlaşdırılır. Trilyonlarla datanın dövriyyə etdiyi sosial media platformaları bugün bağlı olduqları şirkətlər üçün külli miqdarda gəlir mənbəyi olmaqla yanaşı, professional istifadəçiləri üçün bilik mənbəyi ola hətta onlara gəlir də qazandıra bilir.

Ən çox istifadə etdiyim və faydalı olduğunu düşündüyüm platformalar 1

Rəqəmsal Marketinq sahəsi məni internetin hər bir xüsusiyyətindən maksimal dərəcədə istifadə etmək və bunu şüurlu şəkildə idarə etməyə vadar etdiyi üçün sosial şəbəkələr, rəqəmsal reklam kanalları, mesajlaşma tətbiqləri, online produktivlik alətləri, stok saytları, aç q-mənbə paylaşım platformaları, forumlar, bloqlar və s. artıq həyatımın ayrılmaz bir hissəsinə çevrilib. Bu blog yazımda sizlərə bir çoxunu aktiv olaraq istifadə etdiyim bəzilərini də ən azından ayda bir dəfə ziyarət etdiyim sosial şəbəkələrdən, sosial media platformalarından, forum və bənzər faydalı bildiyim saytlardan bəhs edəcəm. Qeyd edim ki, sıralamanın platformalara verdiyim üstünlüklə heç bir əlaqəsi yoxdur.

  1. Reddit.com – Dünyanın dörd bir tərəfindən insanların toplaşdığı, mənə görə dünyanın ən faydalı platformalarından biri olan Reddit bir sosial qeyd platformasıdır. Redditdə demək olarki istənilən mövzu ətrafında kifayət qədər maraqlı və faydalı müzakirələr görə, müzakirələrə qoşula və ya yeni müzakirə mövzusu yarada bilərsiniz. İstifadəçilərinin böyük çoxluğu mənə görə digər sosial şəbəkələrə nisbətən daha intellektual insanlardan ibarət olduğu üçün Reddit, Marketinq cəmiyyətində olan və İngilis dilini az çox bilən insanlar üçün əvəz olunmaz bir məzmun mənbəyidir. Qeyd edim ki, platformanın Türk dilində versiyası və mobil tətbiqetmələri də mövcuddur.
  2. Pinterest.com – Mənə görə dünyanın ən yaradıcı insanlarının toplaşdığı, bəzi xüsusiyyətlərinə görə Redditi də andıran bir platforma olan Pinterest, əsasən vizual məzmunları insanların zövqlərinə uyğun olaraq qruplaşdırması və onlara təqdim etməsi ilə məşhurdur. Bugünə qədər Pinterestə girib də üzü-qara çıxdığımı xatırlamadığım üçün könül rahatlığı ilə vizual məzmunlara ehtiyac duyduğunuzda, ilham pərinizin axtarışına çıxdığınızda bu sayta girməyinizi tövsiyə edə bilərəm. Sistemin ev sahibliyi etdiyi süni zəka (və ya if, else toplusu) sizin maraqlarınızı qısa zamanda öyrənir və davamlı olaraq maraq dairənizə uyğun nəticələri göstərir.
  3. WeHeartIt.com – Vizual məzmunlar dedikdə ağlıma gələn növbəti platformada məhz elə WeHeartIt-dir. Əsasən moda ilə bağlı vizuallar əldə etmək üçün istifadə etmiş olsam da WeHeartIt-də kifayət qədər yüksək keyfiyyətdə fərqli kateqoriyalarda yüz minlərlə vizual mövcuddur. Təxminən 5-6 il əvvəl telefonumun ekran şəkillərini belə bu saytdan yüklədiyim etirafını da buralara bir yerə qeyd edim.
  4. Github.com – Bir rəqəmsal marketoloq olaraq bu tip bir platformanın daimi istifadəçisi olmağım bir çoxunuza normal görünməyə bilər amma Github-ın mənim üçün kifayət qədər faydalı bir platforma olduğunu qeyd etməliyəm. İstər yeni ideyalar üçün ilham pərisi axtaranda, istərsə də ağlımda olan web sayt ideyalarının demo (mvp) versiyasını asanlıqla əldə etmək istədiyimdə Github ilk ziyarət etdiyim platformalardan olur. Milyonlarla açıq-mənbə kodlu layihəyə ev sahibliyi edən Github sadəcə proqramçılar üçün deyil, Marketoloqlar üçün də böyük bir məlumat mənbəsidir. Sadəcə hara və necə baxmalı olduğunuzu bilməlisiniz.
  5. Flickr.com – Şüarında : “Find your inspirations” deyən Flickr, dünyanın ən böyük şəkil stoklarından biridir və Yahoo şirkətinə məxsus bir servisdir. Öz hesabımızı da yaradıb ödənişsiz və qapalı formada 1000 şəkil stoklaya biləcəyimiz bu platformada 10 milyarddan artıq şəkil ixtiyarınıza verilir. Bu platforma vizual olaraq keyfiyyətli məzmun axtardığımda istifadə etdiyim və kifayət qədər “çörəyini yediyim” bir platformadır.
  6. Netflix.com – Bir çoxunuzun adını əzbər bildiyi, bəzilərinizin mütəmadi olaraq istifadə etdiyi, bəzilərinizin də bir aylıq ödənişsiz sınaq periodundan sonra pul vermək istəmədiyi üçün ümidini üzdüyü bir platforma olan Netflix, mənə görə kifayət qədər geniş və yaradıcı məzmuna ev sahibliyi edir. İşin içinə yaradıcı bir məzmun girirsə mənim bu platformadan suyunu çıxarana qədər faydalanmamağım isə mümkün deyil. Buna görə də gündəlik həyatımın təxminən 2-3 saatını Netflixdə yerləşən filmləri, serialları və sənədli, bioqrafik məzmunları izləməyə ayırıram. Həm gündəlik həyatın sıxıntılarından az da olsa uzaqlaşmaq üçün, həm də Netflixin yaradıcı düşüncə tərzini mənimsəyə bilmək adına bu platformanın daimi istifadəçisi olmaq işinizə yaraya bilər.
  7. ProductHunt.com – Yeni çıxan və bəyənilən bütün məhsulları, layihələri, startupları özündə toplayan bu qlobal reytinq platforması olan ProductHunt, istər startup ideyaları, istərsə də çalışdığım şirkətlərdə yeni məhsullar üzrə tədqiqat apararkən istifadə etdiyim çox məşhur bir şəbəkədir. İşinizə yaraya biləcək bir çox ödənişli rəqəmsal alətlərin də ödənişsiz olan alternativlərini də burada kəşf edə bilərsiniz. Əmin ola bilərsiniz ki, biraz dərinlərdə gəzsəniz kifayət qədər faydalı startup layihələrlə qarşılaşacaqsınız.
  8. Slack.com – Adətən şirkət daxili kommunikasiyalar üçün istifadə edilən, kifayət qədər zəngin əlavələr mağazasına sahib olan və bir çox digər online servis ilə inteqrasiya olaraq, paralel şəkildə işləməyin mümkün olduğu Slack, Azərbaycanda da bir çox şirkət tərəfindən aktiv olaraq istifadə olunur. Lakin bu qədər funksionallığı olan bir platforma sadəcə şirkət daxili əlaqələr üçün istifadə edilməsi o qədər də effektiv olmazdı. Bir çox xarici şirkət Slack-dən öz cəmiyyətlərini formalaşdırmaq üçün istifadə edir və toplanan bu cəmiyyətin üzvləri həmin şirkət və ya fərqli mövzularda kifayət qədər maraqlı, keyfiyyətli məzmunların dövr etdiyi slack kanalları yaradılır. Demək olar ki, hər gün istifadə etdiyim Slack hesabımda işlədiyim şirkətlərlə yanaşı bu kimi xarici və keyfiyyətli kanallar yer alır.
  9. Telegram – Bir çoxunuzun yaxşı tanıdığı və dünyanın ən məşhur messenger platformalarından olan Telegram, minlərlə faydalı chatbota və bir o qədər də faydalı məzmunların paylaşıldığı qruplara ev sahibliyi edir. Gündəlik olaraq tanışlarımla apardığım müzakirələr xaricində telegram mənim üçün məzmun alışverişi apardığım, son xəbərləri anında chatbotlar vasitəsilə əldə etdiyim, xaricdə mənimlə eyni işi görən şəxslərlə rahatlıqla müzakirələr apara bildiyim bir platformadır.
  10. DeviantArt.com – Milyonlarla yaradıcı məzmunun yer aldığı və “Art bu siz anlamazsınız” deyilən kifayət qədər ART əsərlərə malik olan DeviantArt, mənim ay ərzində mütəmadi olaraq istifadə etdiyim, aylıq yaradıcılıq dozamı aldığım bir platformadır. Kifayət qədər yaradıcı bir cəmiyyətə sahib olan DeviantArt, sosial şəbəkə funksionallığı ilə bu cəmiyyətin də təsiri ilə həvəskar rəssamlara, dizaynerlərə bacarıqlarını inkişaf etdirmək üçün köməkçi olur. Öz adıma danışası olsam bu saytın bugünə qədər mənə yüzlərlə məhsul, xarakter, paylaşım dizaynı ideyası üçün mənə ilham mənbəyi olduğunu deyə bilərəm.

Təbii ki, yuxarıda qeyd etdiyim 10 platformadan başqa gündəlik və mütəmadi olaraq istifadə etdiyim onlarla, hətta yüzlərlə platforma mövcuddur. Ekşisözlük, Udemy, Behance, Dribbble, Tumblr, Wattpad, Soundcloud, Kickstarter, Angel.co, Feedly və s. kimi daha yüzlərlə platformanın gündəlik istifadəçisiyəm və bunların hər birindən öyrənə biləcəyim, əldə edə biləcəyim fərqli faydalar olduğuna əminəm.

Hansı platformalardan, hansı sosial şəbəkələrdən istifadə edəcəyiniz sizin şəxsi və professional seçiminiz ola bilər. Lakin sizlərdən tək xahişim bu platformalardan məqsədinə uyğun olaraq istifadə etməyiniz, bunu edərkən digər istifadəçilərə mane olmamağınızdır.
Bura qədər oxuduğunuz üçün hər birinizə təşəkkür edirəm dostlar, rəqəmsallaşan dünyada robotlaşmadan, canlılara məxsus olan düşünmək və sevmək hissini itirmədən qalın.