Rəqəmsal MarketinqSosial Media

Sentyabr ayında SMM -də istifadə edilə biləcək 15 xüsusi gün və bəzi məsləhətlər

Sentyabr ayı şirkətlər üçün SMM və rəqəmsal platformalarda xüsusi önəm kəsb edən tarixlərdən biridir. Bir tərəfdən paytaxta doğru gələn tələbə axını onlar üçün yeni bir potensial müştəri bazası formalaşdırır, digər tərəfdən isə istirahət üçün xarici ölkələrə və bölgələrə səyahətə çıxmış keçmiş müştəri bazalarını yenidən ələ almağın əsl vaxtı sayılır. Bu blog yazımda Sentyabr ayında rəqəmsal platformalarda istifadə edə biləcəyiniz bəzi xüsusi amillərdən, əlamətdar günlərdən və onlara uyğun olaraq paylaşa biləcəyiniz məzmunlardan danışacam.

Sentyabr ayı özü ilə birgə payızı da gətirdiyi üçün dizayn və məzmunlarınıza payız ahəngini daşımağınız uğurlu bir seçim ola bilər. Dizaynlarınızda nisbətən solğun lakin eyni zamanda da insanın ürəyini isidən tonlarda rənglərdən istifadə edə bilərsiniz.

Minlərlə tələbənin, məktəblinin, valideynlərin və müəllimlərin həyatına birbaşa təsir edən dərs sezonu, təxminən 3 aylıq fasilədən sonra sentyabr ayında təkrar həyatımıza daxil olur.  Dəftərxanadan geyimə, texnologiya mağazalarından tədris mərkəzlərinə qədər bir çox sektora böyük hərəkət gətirən dərslərə qayıdış kampaniyalarının sizə böyük üstünlük verəcəyini unutmayın.

Yay aylarının bitməsi və payıza keçid ilə xarakterizə edilən sentyabr ayı xüsusi ilə moda sektorunda yeni bir dəyişiklik ərəfəsidir. Rəqəmsal mediada özlərinin Payız – Qış məhsullarını ön plana çəkməli olan geyim mağazaları və moda şirkətləri eyni zamanda Yaz – Yay kolleksiyalarından əllərində qalan məhsullara xüsusi endirimlər elan edərək həm maddi ziyanın qarşısını ala, həm də sosial mediada xüsusi bir aktivlik yarada bilərlər.

Turizm şirkətləri üçün isə bəzi alternativ turları ön plana salmaq məqsədə uyğun ola bilər. Lerik başda olmaqla ölkəmizin cənub bölgələri payız aylarında xüsusi bir təbiət möhtəşəmliyinə sahib olduğu üçün tur planlarına salına bilər. Eyni zamanda sakit bir tətil axtaran şəxslər üçün dərslərin başlaması səbəbindən sentyabr ayı olduqca münasib bir tətil ayı da sayıla bilər. Dəniz tematikalı tətilə alternativ olaraq Türkiyənin Kapadokya, Karadeniz bölgələrinə və eləcə də Yunanıstana tur təklifləri də sentyabr ayının ikinci yarısından etibarən havaların bir qədər də sərinləşməsi ilə ön plana çıxa bilər.

1 Sentyabr İllər əvvəl dərslərin başlama tarixi olaraq nəzərdə tutulan bu gün artıq öz yerini 15 Sentyabra təhvil versə də, bir çox insan üçün nostalji xarakterini qoruyub saxlayır. Sosial media marketinq planlamanızda illər əvvəl məktəb həyatına başlamış şəxslərə özəl bir paylaşım sizə izləyiciləriniz ilə emosional bir əlaqəyə keçməyə kömək edəcək.

4 Sentyabr –Texnologiya şirkətləri, proqramlaşdırma mərkəzləri və kursları üçün bu günpost planlamalarına əlavə edə biləcəkləri xüsusi bir hadisəni xarakterizə edir. Beləki 4 Sentyabr 1998-ci il ABŞ-ın Kaliforniya ştatında Google şirkətinin əsası qoyulub.  Siz də ölkəmizdə də ən çox istifadə olunan platformaların sahibi olan bu şirkətə özəl paylaşımlarınızı 4 sentyabr tarixinə planlaya bilərsiniz.

5 Sentyabr – Beynəlxalq köməkləşmə günü olaraq qeyd olunduğu üçün dünyanın bir çox yerində orta və böyük şirkətlər bugün öz korporativ sosial məsuliyyətlərini qabarda biləcək kampaniyalar reallaşdıraraq sosial mediada ön plana çıxırlar. Siz də bugünün vacibliyinin fərqi varıb, həm KSM layihə həyata keçirə, həm də rəqiblərinizdən fərqlənə bilərsiniz.

8 Sentyabr – Dünya kitab oxuma günü bir çox şirkətlərin sosial media vasitəsilə həm faydalı mesajlar verə biləcəkləri həm də öz izləyiciləri ilə emosional bir bağ qura biləcəkləri bir gündür. Səsli kitablar, hər hansı bir kitabın izahı və ya kitab oxumağa sövq edə biləcək paylaşımlar bugün sizin köməyinizə çata bilər.

13 Sentyabr – Texnologiya şirkətlərində, texnologiya məhsulları satan mağazalarda, agentliklərdə və proqramlaşdırma tədris edən müəəssisələrdə qeyd edilməsi olduqca əhəmiyyətli olan Proqramçılar günündə siz, bütün proqramçıları təbrik edəcək post hazırlaya və ya bugünə özəl endi3rim kampaniyalarını ön plana çəkə bilərsiniz. Eyni zamanda şirkətinizin strukturuna uyğundursa bugünə özəl eventlər, görüşlər, hackathon və müsabiqələr kimi fərqli aktivliklər keçirə bilərsiniz.

15 Sentyabr – 2004-cü ildən bəri “Bilik günü” olaraq qeyd edilən bugün, yeni tədris ilinin başlanğıcı hesab olunur. Şagird, müəllim, tələbə və valideynlərin emosional damarlarına toxunacaq və bugünü xarakterizə edən paylaşım tam da yerinə düşəcək.

16 Sentyabr – Bilik günü 15 sentyabr olsa da həftənin bazar gününə təsadüf etdiyi üçün 2019-cu ildə dərslərin ilk günü 16 sentyabr olacaq. Səhərin erkən saatlarında dərsə gedəcək şəxslərə özəl motivasiya dolu bir paylaşım çox xoş təəssürat bağışlaya bilər.

18 Sentyabr – Dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü münasibətilə qeyd edilən Milli Musiqi günü bugün sosial media hesablarınıza həzin musiqi sədaları altında bir parça xoşbəxtlik gətirə bilər. Bugünə özəl əməkdaşlarınızın ifadə etdikləri milli bir musiqimizi lentə alaraq hazırlayacağınız bir video olduqca effektiv ola bilər.

20 Sentyabr – Əsas milli sərvətlərimizdən biri sayılan neft ilə bağlı çalışan neftçilərimizə özəl bayram olan Neftçilər gününü təbrik edəcək bir paylaşım bugün sosial media planlamanızda yer ala bilər. Bir neçə il öncə dünyasını dəyişən və itkin düşən Neftçilərimizin xatirəsini qeyd etməyi unutmayın.

21 Sentyabr – Dünya Sülh gününə özəl paylaşım hazırlayaraq bəlkə də dünyanın ən böyük problemlərindən birinə qarşı öz tərəfinizi ortaya qoya bilərsiniz.

22 Sentyabr – Həm işləyən qadınlar günü, həm də ağ şokolad günü olaraq qeyd olunan bu gün sosial mediada olduqca rəngarəng keçəcəyə oxşayır. Görək ən maraqlı paylaşım hansı səhifə tərəfindən ediləcək.

23 Sentyabr – Ekinoks olaraq da adlandırılan və payız gecə gündüz bərabərliyi olaraq bildiyimiz bu gün dünyanın şimal yarımkürəsində Payızın başlanğıcı olaraq qeyd olunur. Bugünə özəl paylaşımlarınızı bir neçə gün əvvəlcədən hazırlayın çünki vastın necə keçdiyini hiss etməyə bilərsiniz.

27 Sentyabr – Dünya turizm günü və ya Dünya turizm işçilər günü barədə isə məncə nə kimi paylaşımlar edə biləcəyinizi deməyimə ehtiyac belə yoxdur.

29 Sentyabr – Əsasən tibb müəssisələrinin öz paylaşımlarında qeyd edə biləcəkləri Dünya Ürək günü eyni zamanda da digər şirkətlər üçün də fərqindəlik məqsədi ilə ön plana çəkilə bilər.

30 Sentyabr – Tədris mərkəzləri, tərcümə şirkətləri və tərcümə xidmətlərindən mütəmadi istifadə edən bir çox şirkətin də təbrik paylaşımları ilə qoşula biləcəkləri dünya tərcüməçilər günü bu blog yazımda qeyd edə biləcəyim Sentyabr ayına aid son xüsusi gündür.

Bu dəfəki blog yazımı burada sonlandırıram. Ümid edirəm hər kəs üçün faydalı olar və hər birinizə uğurlu bir sentyabr ayı arzu edirəm.

Daha çox insanın faydalanması üçün məqaləni paylaşa bilərsiniz.

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir