Rəqəmsal MarketinqSosial Media

Oktyabr ayında sosial mediada istifadə edə biləcəyiniz önəmli günlər

Oktyabr ayında sosial mediada istifadə edə biləcəyiniz xüsusi günlər barədə hazırladığım bu blog yazısı Sentyabr ayı üçün hazırladığım müvafiq blog yazısının davamıdır.

SMM xidməti göstərərkən müştərilərin tələblərindən biri də özəl günlərin xüsusilə vurğulanması və bu günlərə özəl paylaşımların edilməsidir. Aşağıda fərqli seqmentlər üçün önəmli sayıla biləcək və eləcə də bütün sahələr üçün ortaq dəyərlər daşıyan bir neçə xüsusi gün qeyd etmişəm. Bu blog yazısını faydalı görürsünüzsə öz sosial şəbəkə hesablarınızda paylaşaraq növbəti ay üçün də müvafiq məqaləni hazırlamaqda mənə dəstək ola bilərsiniz.

Milli müstəqillik günü kimi önəmli bir günə ev sahibliyi edən Oktyabr ayında diqqət etməli olduğunuz bu və digər xüsusi günlər barədə məlumatları aşağıdan əldə edə bilərsiniz.


1 Oktyabr – Dünyanın hər yerində və eləcə də Azərbaycanda xüsusi olaraq qeyd olunan Dünya Ahıllar günü, sosial media marketinq planlamanıza əlavə etməyinizin faydasını görə biləcəyiniz günlərdən biridir. Beləki bu günə özəl hazırlayacağınız bir paylaşım az sayda olsa da sosial şəbəkələrdən istifadə edən ahıl kütlənin sevgisini qazanmağınıza köməkçi ola bilər. Eləcə də online marketinq kampaniyalarınız ilə offline kampaniyaları birləşdirərək çox daha böyük bir nəticə əldə edə bilərsiniz (məs: x yaşdan yuxarı şəxslərə ödənişsiz xidmət və s.)

2 Oktyabr – Xüsusilə tikinti şirkətləri, Memarlıq təlimləri verən təhsil şirkətləri və s. kimi qurumların vurğulaya biləcəkləri Dünya Memarlıq günü, oktyabr ayının ilk günlərində SMM planlamınızda yer ala bilər. Mən də öz növbəmdə elə indidən bütün memar dostlarımızı təbrik edirəm.

4 Oktyabr – Mənim üçün xüsusi əhəmiyyət daşıyan xüsusi günlərdən biri də məhz Dünya Heyvanları Qoruma günüdür. Cəmiyyətimizin heyvanlara qarşı həssaslığını nəzərə alaraq bu günlərdə xüsusi bir paylaşımla insanların qəlbini qazana bilərsiniz. Şirkət olaraq Heyvanları qoruyan təşkilatlar ilə birgə keçirəcəyiniz hər hansı bir kampaniya da bu günün vacibiyyətini həqiqətən ön plana çəkə biləcəyiniz xeyirli bir aktivlik ola bilər. Küçə heyvanlarına sadəcə bu gün yox, hər zaman su və qida dəstəyi göstərməyi də unutmayın.

4 Oktyabr – Qaşqabaqlı insanlardan yorulduğumuz bu günlərdə sadəcə gülümsəyərək bir gün keçirmək sizə nə qədər cəlbedici görünür? Dünya Gülümsəmə günü sosial media planlamanıza əlavə edə biləcəyiniz əyləncəli xüsusi günlərdən biridir. Pozitiv əhval yarada biləcək bir dizayn və insanların üzündə gülümsəmə yarada biləcəyiniz bir məzmun, bundan daha yaxşı nə ola bilər ki?

5 Oktyabr – “Ey hörmətli müəllim…” – deyə sözə başlayaraq Dünya Müəllimlər gününün də sosial media üçün önəmini vurğulamaq istəyirəm. Bir çox təhsil şirkətləri, təlim və konsultasiya verən qurumlar, eləcə də digər bənzər müəssisələr üçün qeyd edilməsi vacib olan günlərdən biri olan Dünya Müəllimlər günü xüsusi bir video paylaşımın effektiv ola biləcəyi bir gündür. Bütün müəllimləri elə bu gündən təbrik edirəm.

15 Oktyabr – Orta məktəb və universitet illərində bəzilərimizin çox sevdiyi, bəzilərimizin də görməyə gözünün olmadığı Dünya Riyaziyyatçılar günü də sosial şəbəkələrdə qeyd edə biləcəyiniz özəl günlərdən biridir. Bir Riyaziyyatçı ailəsində böyüyən biri olaraq bu mövzuda paylaşım edən hər şirkətin paylaşımına sevgi emosiyası atacaq potensial şəxslərdən biri olduğumu buradan vurğulamaq istəyirəm.

15 Oktyabr – Dünya Riyaziyyatçılar günü ilə eyni gündə bir çox hallarda onları görməyə gözü olmayan şagirdlərə özəl Dünya şagirdlər günü də qeyd edilir.  Bu gün bütün şagirdləri təbrik edərək onlara təhsil həyatlarında uğurlar arzu edərək qeyd edə bilərsiniz. Bəlkə də daha fərqli bir ideya ilə qeyd edəcəyiniz bugün gələcək və hazırki potensial müştərilərinizin gözündə sizi daha yaxşı bir mövqeyə gətirib çıxara bilər.

18 Oktyabr – Azərbaycan respublikası üçün ən önəmli tarixi hadisələrdən biri olan Milli Müstəqillik günü hər il 18 Oktyabrda qeyd olunur. Bu günü artıq çoxdan öz SMM məzmun təqviminizə qeyd etdiyinizə əminəm amma yenə də bu məqalədə bu barədə bildirməsəm olmazdı.  Paylaşımlarınızı əvvəlcədən hazırlayın və çalışın stock şəkillərindən istifadə edərək rəqiblərinizlə eyni dizaynları hazırlamayasanız.

20 Oktyabr – Restoran və kafe sferasında fəaliyyət göstərən SMM Menecerlərin xüsusilə qeyd edə biləcəkləri Ofisiantlar günü bu tarixə təsadüf edir. İşlədiyiniz məkanın ən aktiv, ən sevilən və ən gülərüz ofisiantlarını tanıdacağınız video və ya foto məzmun ilə bugün xüsusi bir aktivlik yarada bilərsiniz.

29 Oktyabr – Yuxarıda da qeyd etdiyim kimi, heyvanlara qarşı xüsusi bir həssaslığım olduğu üçün bu məqaləyə Pişiklər gününü salmasam olmazdı. Lakin siz bu günə özəl paylaşım hazırlamaya da bilərsiniz.

31 Oktyabr – Dünyanın bir çox yerində qeyd edilən, lakin ölkəmizdə bir qrup əhalinin qəbul etmədiyi Halloween günü də bu aya təsadüf edir. İşlədiyiniz şirkətin məzmun kalendarına  bu günü əlavə edib-etməməyiniz sizin ixtiyarınızdadır. Lakin çalışın ki, istifadəçilərinizi çox da qorxuya salmayasınız.


Oktyabr ayı üçün qeyd edəcəyim xüsusi günlər bu qədərdir. Siz də bu yazıda olmayan xüsusi günlər barədə qeyd etmək istəyirsinizsə bu barədə mənə facebook hesabımdan bildirə bilərsiniz. Blog yazımı bəyəndinizsə və faydalı olduğunu düşünürsünüzsə paylaşaraq daha çox insanın faydalanmasına köməkçi ola bilərsiniz.

Hər birinizə uğurlu bir Oktyabr diləyirəm.  Dizaynlarınızda payız əhvalını yaratmağı unutmayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir