Rəqəmsal Marketinq

Rəqəmsal Marketoloq üçün Rəqəmsalsızlaşmaq

0

İşimlə əlaqədar olaraq hər dəfə yeni biliklər əldə etmək və öyrənmək mənim üçün demək olar ki, bir məcburiyyət halını alıb.

Karantin rejimi başlayan andan etibarən isə müəssisəmiz demək olar ki, tamamilə fəaliyyətsiz qaldığı üçün iş fəaliyyətim də dayanıb. Bu isə öz növbəsində məcburi olaraq məni ruhdan salmağa və hazırki vəziyyətdə maddi rifahımın pisləşməsinə gətirib çıxartmışdı.

Lakin sonra təkrar “papağımı qarşıma qoyub” düşündüm. Mənim hədəflərim var.

Məsələ böyük bir şirkətdə kiçik işçi ya da kiçik bir şirkətdə böyük vəzifəli bir işçi olmaq deyil. Hər zaman ən yaxşısı olmalıyam. Buna məcburam. Çünki heç kim mənim əvəzimə çalışmayacaq və ya kimlərinsə çalışaraq mənə pul qazandıracaqları zamana qədər hələ çox yolum var.

Buna görə də təxminən 4 həftədir tamamilə sosial şəbəkələrdən uzaq, “türklər demiş” inzivaya çəkilmişəm.

Bu müddət də çox da dəhşət olmasa da bir-iki addım atmışam ki, bunları da sizinlə paylaşmaq istəyirəm.

Əvvəla Rəqəmsal Marketinq sahəsində çalışanların bir çoxu bu sahənin, SMM, SEO, SEM, Məzmun Marketinqi və s. kimi sahələri özündə cəmlədiyini bilirlər. Lakin bir çox mütəxəssis də bu sahələrin hər hansı birini və ya kompleks olaraq bir neçəsini mənimsəməyə çalışarkən xətaya yol verirlər. Özlərini məhdud biliklərlə çox sərhədləyirlər.

Nümunə üçün: SEO mütəxəssisi olmaq üçün çalışan şəxslərin bəziləri sadəcə məzmun ilə bağlı strategiyalar formalaşdırarkən onsite seonun ən önəmli parçalarından biri olan proqramlaşdırma ilə bağlı çox ön yarğılı düşünürlər. ” Mən Rəqəmsal Marketoloqam və mənim proqramlaşdırma bilmək kimi bir borcum yoxdur. SEO-nun texniki işlərini saytı hazırlayan proqramçı etməlidir. Mənə nə?! ” deyən onlarla şəxslə qarşılaşmışam.

Xeyr. Bu sizin borcunuzdur. Çünki ən sadə izahla siz proqramçının nədə səhvə yol verdiyini anlayacaq qədər bilik sahibi olmalısınız. Rəqəmsal Marketinq dediyiniz kommunikasiya metodu ən sürətli metodlardandır və burada zaman sizin üçün hər şey olmalıdır. Sırf az da olsa proqramlaşdırma bacarığınız yoxdur deyə normalda dəqiqələr alacaq bir iş üçün günlə və hətta həftələr gözləyəcəksinizsə məncə siz də “papağınızı önünüzə qoyub”, düşünməlisiniz.

Bənzər nümunəni SMM Menecerlər və ya SMM mütəxəssislər üçün də çəkə bilərəm. Bu sahədə fəaliyyət göstərən bir çox insan iş elanlarında Dizayn bilikləri, Məzmun marketinqi və Copywriting bilikləri gördükləri anda bu kimi iş elanlarının ekran qeydini alaraq Sosial Mediada müxtəlif qruplarda və ya öz şəxsi səhifələrində paylaşaraq qınaq obyektinə çevirməyə başlayırlar. Əslində burada qınaq obyektinə çevrilməli olan iş HR-ların gördükləri yox, sizin görə bilmədiklərinizdir. Çünki bir SMM Meneceri özünə bağlı olan və onun işinin axarında getməsinə gətirib çıxaracaq olan bütün sahələri bir əlinin beş barmağı qədər yaxşı bilməlidir. Ən azından bir dizaynerin sırf vaxt keçsin və bugünün işi sabaha qalsın deyə olduqca sadə bir işi saatlarla və hətta günlərlə uzatdığını sezə bilməli, dizaynda baş verən vizual narahatlıqları əvvəlcədən görə bilməli, günün dizayn və məzmun trendlərini izləyə bilməli, idarə etdiyi sosial media platformalarının dizayn tələbləri barədə məlumatlı olmalı, UX baxımından media hesablarında paylaşılan dizaynların istifadəçilər üçün nə kəsb etdiyini başa düşməli və bunları lazımdırsa özü ilə işləyən dizaynerlərlə də paylaşmalı və daha effektiv bir vizual kommunikasiya qura bilməlidir. Eyni zamanda bir SMM Menecer özü ilə işləyən Məzmun marketinqi mütəxəsissləri, copywriterilər ilə də eyni dili danışa bilməlidir. Çünki uzun illərdir eşitdiyiniz Məzmun kraldır, “Content is the King” ifadəsinin olduqca böyük bir gerçəklik payı var və siz bu məzmunu özünüz istehsal etməsəniz belə mütləq istehsal prosesində iştirak etməli, izləyicisini, hədəf kütləsini, vizual kommunikasiyasını, brend səsini əzbərə bildiyiniz bir hesabda müştərilərlə necə yazılı kommunikasiya qurulmalı olduğunu daimi olaraq nəzarətdə saxlamalısınız. Burada SMM Menecerin yükü sadəcə prosesləri Manage etmək deyil, həm də məlumatların işlənməsi prosesində iştirak etməkdir.

Uzun sözün qısası 4 həftəlik fəaliyyətsizlik fəaliyyətim ərzində gördüyüm işlər:

  • 0 ədəd yeni sertifikat aldım və beləcə təxminən 8 illik Rəqəmsal Marketinq karyeramda 0-cı sertifikatım oldu.
  • Olduqca sadə olsa da ilk Java android tətbiqetməmi Play Store-da yayımladım (Hazırda test mərhələsindədir və bəzi problemlər var deyə link paylaşmıram, ən qısa zamanda bölüşərəm).
  • Şəxsi startup layihəmin mobil tətbiqetməsini hazırlaya bilmək üçün Dart və Flutter öyrənməyə başladım.
  • Pasha Bank-dan nəhayət ki, online ödəniş inteqrasiyası üçün lazımi təlimatlandırma faylını aldım, Woocommerce ilə inteqrasiyası üzərində işləməyə başladım.
  • Biznes, Motivasiya, Marketinq və s. kimi kitablar istisna olaraq 4 ədəd yeni olduqca bəyəndiyim bədii əsər kitabını bitirə bildim.
  • Çoxdandır düşündüyüm online İngilis dili kursuna başlamaq üçün müraciət etdim.
  • Gündəlik daha gümrah olmaq və motivasiyamı itirməmək (və eyni zamanda arıqlamaq) üçün qaçmağa başladım və artıq 28-ci günümdəyəm.
  • Qaçarkən musiqi dinləmək əvəzinə Spotify-da olduqca faydalı olduğunu düşündüyüm bir Podcast playlisti hazırlayaraq onları dinləmək alışqanlığı yaratdım.
  • Yeni iş axtarışına başladım və bu paylaşımda da əgər qarşınıza Senior Digital Marketing Expert və bənzər iş elanları çıxarsa mənimlə paylaşmağınızı xahiş etdim.
  • Nəhayət ki özümü Magistraturaya hazır hiss etdiyimi və növbəti tədris ili üçün MBA-ə müraciət etmək qərarını aldım.
  • Rəqəmsal Marketinq ilə bağlı yeni layihəm üçün mobil tətbiqetməni hazırlamağa başladım.
  • Youtube fəaliyyətim üçün faydalı olacağını düşündüyüm üçün Premiere Pro ilə video montaj proseslərini öyrənməyə başladım.
  • Youtube üçün yeni məzmun ideyaları siyahısı hazırladım.

Yəqin ki, başqa bənzər xırda işlər də görmüşəm lakim xatirimdə deyil, bunlar mənim Sosial Mediadan 4 həftəlik uzaq qaldığım zamankı fəaliyyətsizliyimi əks etdirən bəzi fəaliyyətlərdir. Ümid edirəm beyninizi qarışdırmamışam, çünki elə bir niyyətim yoxdur.

Tək demək istədiyim, çox çalışın. Məsələ sizin nə qədər bilik sahibi olduğunuz deyil, aldığınız sertifikatların bir önəmi yoxdur, məsələ sizin daxilinizdəki öyrənmə istəyinizdir. Hər səhər yeni bir şeylər öyrənəcəm deyə yuxudan oyanırsınızsa siz bu çətin oyundan hələ başlamadan qalib ayrılırsınız.

Hər birinizə uğurlar və əgər yazını sona qədər oxudunuzsa yuxarıda qeyd etdiyim bir neçə fərqli mövzu ilə və ya ümumiyyətli bənzər hər hansı bir mövzuda ağlınızda yaranan hər hansı bir sual, fikir və ya təkliflərinizi rəydə bildirə bilərsiniz.

Mobil tətbiqetmələr üçün SEO – App Indexing və Deep Linking nədir? Google-a necə indexləyək?

Previous article

Facebook-u köhnə dizaynına qaytar, dostluğundakı dondurulmuş profilləri gör

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir