Startupçıya qeydlər #1

Uzun müddətdir startup sektorundayam və bugünə qədərki startup təcrübələrim(n)də rastlaşdığım bəzi mövzularla bağlı bir neçə qeyd etmək istəyirəm. Bu qeydləri yazmağa başlayanda 3-4 ədəd olsun bəs edər deyib başlamışdım, lakin sonra baxdım ki bu say dəfələrlə daha çox olmağa başlayır. Ona görə də bir qismini burada sizlərlə paylaşıram.

  •  İdeyanız  olması sizi heç bir ŞEY etmir. Bunu həyata keçirəcək enerjiniz, səbriniz və gücünüz yoxdursa heç bir ŞEY bacara bilmərsiniz. “Mənim də ağlıma gəlmişdi, mən də edəcəkdim” – deyə digərlərinin arxasıyca danışarsınız.
  •  İdeyalar  alma kimi ağacdan başınıza düşmür. Hər gün qarşılaşdığınız problemlər də əslində bir startup ideyasıdır. Siz də o problemlərə bir həll tapmısınızsa təbriklər, startup ideyanız hazırdır. Əgər həll üsulunuz həqiqətən də daha çox insana fayda verəcəksə yaxşı bir başlanğıc etmisiniz deməkdir. Lakin nə olursa-olsun öz ideyanıza aşiq olmayın. Hər an hər şeyə hazırlıqlı olun.
  •  Startupınızı  dəyərləndirərkən qətiyyən nümunə olaraq çox yüksək dəyərli başqa bir ölkənin startupını göstərməyin. Bazar, müştəri, şərtlər və digər amillər çox fərqli ola bilər. İnvestorların bu mövzulardan xəbərdar olduqlarına əmin ola bilərsiniz.
  •  Fikir  mərhələsində ailə və dostlarınızdan fond toplayırsınızsa, prototipi hazır etməyinizə kifayət edəcək qədər pul toplayın. Nə çox, nə də az. Sonra məhsul və satış mərhələsinə keçəcək qədər investisiyaları hədəfləyin. İlk dəfədən hədəflədiyiniz bütün investisiyanı almağa çalışmayın.
  •  Bütün  bildiklərinizi unudub təkrar sıfırdan öyrənə bilmək bacarığı əldə etməlisiniz. Son 10 ildə iş həyatında yaşanılanların heç biri 20 il əvvək yazılan dərsliklərdə yox idi.
  •  Komanda  toplamaq işini başqasından gözləməyin. Öz filminizin rejissoru da siz olmalısınız.
  •  Hədəf  kütlənizi dəqiq bilin. “Hər kəs bizim hədəf kütləmizdir” deyə bir şey yoxdur. Başlanğıc üçün nə qədər dar bir hədəf kütlə formalaşdıra bilirsinizsə işiniz də bir o qədər asanlaşır. İlk hədəflərə çatdıqdan sonra hədəfinizi genişləndirməyə sizə heç nə mane olmayacaq. Əks halda böyük bir kütləyə necə və hansı büdcələrlə çatacağınızı düşünüb qalacaqsınız.
  •  İnvestorlar  qarşısında çıxış zamanı rəqibimiz yoxdur, rəqiblərimiz pis işləyir, biz daha yaxşıyıq deməyin. Rəqiblərinizi detallı olaraq açıqlayın və nəyi fərqli etdiyinizi izah edin.
  •  Startupınızı  7, 100 və ya 300 söz ilə açıqlaya bilərsiniz. Bu mümkündür. Sizdən 7 sözdə biznes planınızı istəyən olmayacaq, lakin nə işlə məşğul olacağınızı bir neçə saniyə içərisində izah edib qarşı tərəfə başa sala bilməlisiniz.
  • “ Hansı  problemi həll edirsiniz?” sualına müştərinin nə problemi varsa onu izah edin. Siz bu problemi necə həll edirsiniz, bunu izah edin. Biznes modelinizi izah etməyin, problem nədirsə onun barədə danışın.
  •  Birbaşa  və dolayı rəqibləriniz var. Hazırda sizin məhsul / xidmətinizin eynisi olmaya bilər, ancaq müştərilər problemlərini mütləq hər hansı bir üsul tapıb həll edə bilirlər. Məs: Kontakt Home, Baku Electronics, Music Gallery və s. kimi şirkətlərin ən böyük rəqiblərindən biri “Tap.az” saytıdır.
  •  Əgər  birdən çox qurucu ortaq varsa, hamısının cv-sini və detallı məlumatlarını müraciətlərinizə əlavə edin. Hətta ilk görüşlərə bir yerdə gedin, təqdimatları birlikdə reallaşdırın.
  •  Fikrinizin  oğurlanacağını düşünürsünüzsə heç bir yerə müraciət etməyin. Heç bir investora, heç bir mentora, heç bir akselerasiya mərkəzinə getməyin, çünki fikrinizin oğurlanacağını düşündüyünüzü hiss etdikləri andan sizin müraciətinizi qəbul etməyəcəklər. Heç kim sizi dinləməyəcək, dəstək olmayacaqlar.
  •  Bütün  həyatınızda pozitiv olun. İnvestor / Mentor görüşlərində də pozitiv olun, müdafiəyə keçməyin, dinləməyi bacarın. Heç kim enerjisini korlayan, neqativ insanlarla vaxt keçirmək istəmir. Pul qazanmaq belə vacib deyil. Heç vaxt passiv və ya aqressiv olmayın.
  •  Görüşlərə  komanda olaraq gedəcəksinizsə hazırlaşın. İnvestorların soruşacaqları sualları internetdən tapa bilərsiniz. Bunların cavablarına bir yerdə çalışın, komanda olaraq harmoniya içində olun. Görüşlərdə heç bir halda bir-birinizlə mübahisə etməyin.
  •  Email  göndərib “Bizimlə 1 saat görüşə bilərsiniz mi?” deyə soruşmayın. Bir sualınız varsa birbaşa olaraq soruşun. Görüş keçiriləcəksə görüşdə danışılacaq 3 əsas başlığı mütləq qarşı tərəflə paylaşın və nəyi, nə zaman danışacağınızı əvvəlcədən bilin.
  •  Email  vasitəsilə cavablana bilinəcək suallar üçün üzbəüz görüşlər tələb etməyin. 1 saatlıq görüş əslində “görüşə qoşulan şəxslər x 1 saatdır”. 5 nəfər qoşulursa 5 iş saatı qədər itki olur. Emaildə isə cavablayan tərəf adətən sadəcə 5 dəqiqəyə qədər vaxt itirir.
  •  Mükəmməl  – yaxşının düşmənidir. Startupınızı xəyalınızdakı kimi olduqdan sonra açmağı gözləməyin. İlk versiyanızı utanmadan ən qısa zamanda aktiv edin. Başladıqdan sonra hər gün inkişaf etdirməyə davam edin.
  •  Başladığınızda  hər şeyin mükəmməl olacağını düşünməyin. Uğur, şaquli olaraq yüksələn bir əyri deyil. Bu bir macəradır. Uğursuzluqlar dolu daşların üstündən keçərək çayın qarşı tərəfinə çatmağı bacarmalısınız.
  •  Uğursuzluqlardan  qorxmayın. Tarlanın ortasındakı müqəvvalar quşlar üçün çox qorxulu görünürlər, onlar qorxurlar amma əslində qorxmaq üçün heç bir səbəb yoxdur.
  •  Bu  macəraya atılmısınızsa qarşınıza xəyal belə edə bilməyəcəyiniz çətinliklər çıxacaq. Heç vaxt ümidinizi itirməyin. Uğursuz olduqda təkrar qalxın və yolunuza davam edin. Heç kim bunu sizin əvəzinizə etməyəcək.
  •  Saytınızda  info, support, dəstək və s. kimi e-mail ünvanları varsa və ya əlaqə forması yaratmısınızsa bütün gələn mesajları oxuyun və cavablayın. Hər mesaj vacibdir. İşinizlə bağlı ən yaxşı geri dönüşləri buradan ala bilərsiniz.
  •  Müştərilərin  sizdən istədiklərini bütün idarə heyətinizin, ortaqlarınızın hər gün oxuması və cavablaması lazımdır. Bu mənasız bir şey deyil. İşiniz budur. Müştərinizin nə istədiyini və məhsulunuz haqqında ən dəyərli məlumatı bu müraciətlərdən öyrənə bilərsiniz.
  •  İnvestorla  / mentorla olan görüşlərinizdə enerjili olun. Asta səslə, sıxıcı tonda danışmayın, fikirlərinizi aydın izah etməyə çalışın. 30 dəqiqəlik bir iclasdasınızsa bu iclasın çıxış etdiyiniz bir səhnə olduğunu düşünün.
  •  İnvestorlara , mentorlara və ya partnyorlarınıza 1 səhifəlik emaillər göndərməyin. Çox qısa məzmunla nə istədiyinizi başa salın. 3 qısa paraqrafda bütün hər şeyi izah edə bilərsiniz.
  •  İnvestorlara  sadəcə investisiya axtaranda email göndərməyin. Sizə investisiya etməmiş şəxs və şirkətlərə belə mütəmadi olaraq yeniliklərdən ibarən e-bülletenlər göndərin. Beləliklə onlarla əlaqənizi daha güclü etmiş olursunuz.
  •  Hər  kəsi özünüzə mentor olaraq görməyin. Startup üçün fikir alacaqsınızsa mütləq damdan düşmə təcrübəsi olan birini seçin. Risk almaq mövzusunda çəkinən biriləri sizi səhv yönləndirə bilər. Böyük biznes sahibləri bəzən startup mövzularında uğursuz olmuş şəxslərdən daha az məlumat sahibi olurlar və sizlərə faydaları dəyməyə bilər.
  •  Başlanğıc  mərhələlərində investorları yaxşı araşdırın. Düzgün bir investordan dəstək alın. Onlardan uğur hekayələrini, təcrübələrini və startupınıza maddiyyatdan başqa nə qatacaqlarını soruşun. Sadəcə pul üçün bir investora möhtac olmayın.
  •  Uğurun  bir şablonu yoxdur. Daha əvvəl uğurlu olmuş startuplarda gördüyünüz hər şey sizə uyğun olmaya bilər. Sektor, vaxt, insanlar, iqtisadiyyat, bazar, rəqabət və digər bütün amillər bu mövzuya təsir edə bilər. Kopyalamağa çalışmayın, öz hekayənizi yazın.
  •  Bəhanələr  yaratmayın. Öz təcrübəmdə bunun dəfələrlə şahidi olmuşam. Narazılıq etməyin. Ağlamayın. Hər şey tərs gedirsə bunlar üçün heç kimi günahlandırmayın və səbəb axtarmayın. Həlllərə fokuslanın. Motivasiyanız bütün problemləri həll edəcək pozitiv enerji yaratsın.

Leave a Reply

Your email address will not be published.