Məzmun Marketinqi

Yazacaq bir sözünüz yoxdursa, yazmayın! – Saxta xəbərçilər sizi…

0

Sosial media anlıq hətta saniyəlik məzmunlar dünyasıdır. Instagramı hər açdığımızda səhifə yenilənir və qarşımıza başqalarının paylaşımları çıxır, Facebook-a hər girdiyimizdə fərqli şəxslərin paylaşdığı fərqli məzmunlarla qarşılaşırıq. Hər hansı bir sosial media platformasında gəzişərkən brendlərin saysız-hesabsız sponsorlu reklamları ilə baş-başayıq.

Hələ on əvvəl sosial medianın nə dərəcədə vacib olduğu bütün dünyada konfranslarda, eventlərdə tez-tez müzakirəyə çıxarılırdı. Günümüzdə isə uzun illərdir danışılan məzmun kraldır anlayışının nə qədər doğru və yerində ifadə olduğunu, sosial medianın bu anlayış üzərində necə böyüdüyünün hamımız şahidiyik.

Bu nə deməkdir bilirsiniz? İstifadəçilər baxımından belə izah edim: məzmunları oxuyur, incələyir, hətta aldığımız qərarları bu məzmunlara əsasən təyin edirik. Nəticə olaraq istifadəçi kimliyimiz ilə sadəcə baxmaqla kifayətlənmir, həm də diqqətimizi çəkən sahələrə toxunuruq. Şirkətlər baxımından isə belə izah edim: hədəf kütləniz sizi görür, dinləyir, sizin haqqınızda bir fikir sahibi olur və sosial media üzərindən brendiniz ilə əlaqəyə keçir.

Statistikalara da göz gəzdirsək sadəcə Instagram Facebooku əsas götürərək ölkəmizdə 3 milyondan çox aktiv sosial media istifadəçisinin mövcud olduğunu rahatlıqla deyə bilərik.

Bütün bunları danışmağımın səbəbi isə paylaşılan məzmunların əhəmiyyətinin hələ də tam olaraq başa düşülməməsidir. Sosial media platformaları xüsusilə şirkətlər üçün qızıl dəyərindədir! Çünki hədəf kütlələri günün böyük bir hissəsini sosial mediada aktivdir. Bu məlumatlara təkrar baxdığımızda və rəqəmləri göz önünə aldığımızda sizcə sosial mediadan düzgün istifadə edirik?

Son aylarda Corona virus xəbəri gündəmi zəbt etməyə başladığı anlardan etibarən sosial mediada dolaşan yüzlərlə fərqli iddialar, əslsiz teoriyalarla hər birimiz rastlaşmışıq. Bəzən Niquşlar, bəzən Səbişlər bəzən də başqalarının adı altında yayılan bu dezinformativ məlumatlar virusun özündən də sürətli şəkildə böyüyür və insanların beynini zəbt edir. Beləcə virusla bağlı əsl qorxulu olan, diqqət edilməli və tədbir alınmalı məsələlər ikinci plana düşür və insanlar sosial mediada dostlarının paylaşdığı informasiyalara güvənməyə başlayır. Beləliklə sosial media platformalarında məlumat kirliliyi yaranır və məzmun kraldır anlayışı artıq effektivliyini itirir.

Bu blogun yazarı olaraq yox, bir insan olaraq, bir vətəndaş olaraq sizdən tək bir xahişim dezinformasiyalara aldanmayın və onları yaymayın. Bilirəm, heç biriniz heç vaxt dezinformasiya yaymarsız, hamınız sudan çıxmış ağ qaşıqsınız, əlbəttə, buna inanıram. Sadəcə bu blogu bunu edən dostunuza göndərin, mənim sözüm sizə deyil, “bir arkadaşınıza”.

Sizə demək istədiyim isə blogun adından da göründüyü kimi belədir:

Yazacaq bir sözünüz yoxdursa, yazmayın!

Məsələ sadəcə sözdə deyil təbii ki, bu sözün doğruluq payındadır. Corona virusu ilə savaşmalı olduğumuz bu günlərdə bizi dezinformasiyalarla, kirli məlumatlar toplusu ilə savaşmağa vadar etməyin. Üzr istəyirəm, siz yox bir dostunuz var ha, bax o dostunuz etməsin.

Bəs hər hansı bir məlumatın saxta olduğunu necə başa düşə bilərik ki bu barədə paylaşım etməyək? Təbii ki bu olduqca çətin və kompleks bir mövzudur. Buna görə də ilk növbədə etməli olduğunuz şey oxuduğunuz hər şeyi, baxdığınız hər videonu araşdırmadan paylaşmamağınızdır. Artıq internet əlinizin altındadır. Sırf corona mövzusunda dünyada və ölkəmizdə əsaslı məlumat paylaşan, bunu öhdəçiliyinə götürmüş onlarla sayt var və hər biri sizin istifadənizə ödənişsiz olaraq açılıb. Yəni whatsappda Niquş-un paylaşdığı səs yazısından daha çox dövlətin rəsmi qurumlarının, operativ qərargahın bildirişlərinə önəm verin. Dezinformasiyaları yaymaqdansa #evdəqal hashtagı ilə insanlara evdə qalmağa təşviq edin.

Təbii ki sosial media dezinformasiyası sadəcə ölkəmizdə yaşanmır, bütün dünya üçün keçərlidir. Ölkəmizdə saxta xəbərlərin çox olmasının səbəblərindən biri sıx və çox sürətlə dəyişən gündəmin mövcud olmasıdır. Bəs necə olur ki, insanlar çox vaxt xəbərləri belə olmadan özlərini bu prosesin içində tapırlar?

  1. Gündəmə uyğun olaraq dezinformasiya xarakterli xəbərlə rastlaşan dostunuz bunu paylaşmağı özündə borc bilir. İzləyici sayının heç bir önəmi yoxdur.
  2. Daha sürətli diqqət çəkməsi məqsədi ilə uyğun etiketlərlə paylaşır və ya ən sürətli əlaqə platformalarından olan whatsappda göndərilir.
  3. Qoşulmalar yavaş-yavaş başlayır və saxta xəbər bir neçə saatın içində on minlərlə adama gedib çatır. Nəzarətdə saxlamaq çox vaxt mümkünsüz olur lakin dövlət qurumları son vaxtlar ən qısa zamanda saxta xəbərləri yalanlayaraq qismi olaraq dezinformasiyaların qarşısına keçə bilirlər. Dezinformasiyalar xarakterlərinə görə sakitçilik yox xaosun olmasını istəyirlər, buna görə də nəzarəti sevmirlər.
  4. Dezinformasiyalar çox yeni məlumatlar kimi təqdim edilir. Bəzən köhnə bir video, bəzən köhnə bir şəkil, bəzən bir yazı, bəzən də sadəcə səs qeydi olaraq qarşımıza çıxır. Adətən sadəcə mətn və ya səs qeydi üstünlük daşıyır, çünki şəkil və ya videoların internetdə asanlıqla əlçatan olması dezinformasiyanı çürüdə bilər. Bu da yalanın sürətli şəkildə ortaya çıxmasına səbəb olacağı üçün adətən mənbə qeyd edilməyən mətnlər və səs yazıları üstünlük təşkil edir.
  5. Qoşulmalar başlayır və tərəflər yavaş-yavaş meydana çıxır. İnsanlar təbiətləri dolayısı ilə bir yerə aid olmaq istəyi ilə yanıb-tutuşurlar. Dezinformasiyanı paylaşan şəxs kimlərin qarşısında, kimlərin yanında olduğunu çox qısa zamanda təyin etmək istəyir. Bu siyahı onun üçün çox vacibdir, çünki kiminlə ortaq hərəkət edəcəyi və kimlərə dəstək verəcəyini bilmək onu çox rahatlaşdırır və özünü o cəmiyyət iniçdə daha təhlükəsiz hiss etməyinə köməkçi olur. Diqqətli düşünün və xatırlayın, bu kimi hallarda siz də mütləq saxta xəbərlərin içində sizinlə eyni düşüncəyə sahib şəxslərə salam göndərirmiş kimi mətnlərlə rastlaşmısınız.
  6. Qoşulanların sayı az olduğu zaman əks fikirlər dezinformasiyanı yayan şəxsi narahat etməz, nə vaxt qoşulanların sayı artsa, qarşı fikirlər o vaxtdan etibarən narahat etməyə başlayar.  Beyinləri onlara az sayda şəxsi aldatmağın asan olduğunu lakin say artdıqca bunun çətin olduğunu xatırladar. Bu da onların stressə düşməsinə səbəb olur və avtomatik olaraq müdafiə mexanizmi olaraq hücuma hazırlaşırlar. Bu hazırlıq anında stressləri biraz daha artır. Fikirlərini başqasına ötürmək mövzusunda və ya baqasının onun fikirlərinə qarşı çıxmaması mövzusunda bir qaçaqaça girdiyini görmək olur. Bax elə tam da bu nöqtədə stress biraz daha artır və mövzu şəxsiləşir.
  7. Heç bir məlumatının olmamasına və ona heç bir mənbə göstərilməməsinə baxmayaraq kor-koranə müdafiə etdiyi mövzu hər necə olursa artıq çox fərqli bir nöqtəyə keçid etmiş olur. Bu vəziyyət artıq dezinformasiyanı hazırlayanın yox, onu paylaşmış olan bu şəxsin öz məsələsinə çevrilmiş olur. Daha əsəbi və həyəcanlı şəkildə kor-koranə fikri müdafiə etməyə davam edir. Nəticə etibarilə çox qısa bir vaxt sonra yalan ayaq tutar yeriməz məntiqi ilə bu dezinformasiyanın üstü açılır və onu yaradandan daha çox onu paylaşan bu şəxs əziyyət çəkir. Hətta məsələ Corona olduqda saxta xəbərin, dezinformasiyanın inzibati cəzadan, cinayət məsuliyyətinə qədər yolu var.

Deyəcəyim odur ki, hər xəbərə, hər deyilənə anında reaksiya verməyin. Əgər bir reaksiya vermək ehtiyacı hiss edirsinizsə ki, – bu təbii bir refleksdir – əvvəlcədən qısa bir araşdırma etmək çox yaxşı bir başlanğıc ola bilər. Bunun eynisini dostunuza da deyin, hətta ən yaxşısı blog yazımı öz hesabınızda paylaşın ki, bütün dostlarınız oxusun.

Corona virus müddətində fiziki mağazalar e-ticarətdən necə yararlana bilər?

Previous article

Karantin günlərində vaxtını səmərəli keçirmək istəyənlər üçün 10 film təklifim

Next article

You may also like

Comments

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir